DIRNA layihəsi çərçivəsində GDU-da yay məktəbinə start verilib

29 iyul 2024-cü il tarixdə Xəzər Universitetinin koordinatoru olduğu Erasmus+ KA2 proqramının "Azərbaycanda İnstitusional Repozitoriyalar (Elektron Arxiv) şəbəkəsi vasitəsilə tədqiqat potensialının inkişafı" (DIRNA) adlı layihəsi çərçivəsində Gəncə Dövlət Universitetində (GDU) yay məktəbinin keçirilməsinə start verilib.

5 günlük yay məktəbində layihənin tərəfdaş Azərbaycan universitetlərindən – Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Gömrük Komitəsinin Akademiyası, Gəncə Dövlət Universiteti, Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Avropa tərəfdaşlarından isə Finlandiyanın Yyuvyaskyulya Universiteti, İtaliyanın l'Aquila Universiteti və Türkiyənin İzmir Yüksək Texnologiya İnstitutunun nümayəndələri iştirak edirlər.

Layihəyə Naxçıvan Dövlət Universitetindən Elm və innovasiyalar üzrə prorektor Elsevər Əsədov, İnformasiya Texnologiyaları şöbəsinin müdiri Hüseyn Əsgərli və Elmi kitabxanın direktor müavini Aysu Rəsulzadə qatılıblar.

Qeyd edək ki, Gəncə Dövlət Universitetində  avqustun 2-dək  davam edəcək 5 günlük yay məktəbində Avropa tərəfdaş universitetlərinin nümayəndələri "Açıq elm və institusional repozitoriyaların önəmi", "Açıq nəşriyyat etikası, müəllif hüquqları, hüquqi problemlər” , "İnstitusional repozitoriyaların texniki tələbləri və xüsusiyətləri", "Etibarlı tədqiqat və innovasiyalar, araşdırma üçün etibarlı nəşriyyatlar" adlı təqdimatlar ilə çıxış edəcəklər və təcrübələrini bölüşəcəklər.