Naxçıvan Dövlət Universitetində 26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü qeyd edilib

           NDU-nun Pedaqoji fakültəsində 26 iyun-Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü ilə bağlı tədbir keçirilib.

Tədbirdə torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda canlarından keçən şəhidlərimizin unudulmaz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Universitetin universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov tədbir iştirakçılarını  Silahlı Qüvvələr Günü münasibəti ilə təbrik edib və ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Fərmanla 26 iyun tarixinin Silahlı Qüvvələr Günü elan edildiyini vurğulayaraq  Azərbaycanda güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordu yaradılmasının ümummilli liderin adı ilə bağlı olduğunu bildirib. Prorektor 44 günlük Vətən müharibəsindən söz açıb. Qeyd edilib ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti, ordumuzun şanlı mübarizəsi  2020-ci ili tariximizə zəfər ili kimi həkk etdi. Vurğulanıb ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Bu ordu işğal altında olan ərazilərimizi düşməndən azad edib, ölkəmizin ərazi bütövlüyü onların gücü, əzmkarlığı, şücaəti sayəsində bərpa olunub.

Sonra Pedaqoji fakültənin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev, Çağırışaqədərki hazırlıq və mülki müdafiə kafedrasının müdiri Valeh Əlixanov, həmin kafedranın baş müəllimləri Cavanşir Zeynallı və Pərviz Allahverdiyevin çıxışları dinlənilib.