Naxçıvan Dövlət Universiteti və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının 100 illik yubleyinə həsr edilmiş “Naxçıvanda caz sədaları” adlı ilk konsert proqramı keçirilib
Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin müəllim və tələbələrinin iştirak etdiyi konsert proqramında universitetin rektoru Elbrus İsayev Azərbaycan Milli Konservatoriyasının xüsusi dəstəyi ilə keçirilən konserti yüksək qiymətləndirib. Qeyd edilib ki, konservatoriya ilə qurulan əməkdaşlığımız hər zaman öz müsbət nəticələri yadda qalmaqdadır. Rektor Naxçıvanda Caz musiqisinin təməlini qoyan müəllim və tələbələrin təşəbbüsünü alqışlayaraq onlara yaradıcılıq uğurları arzulayıb. Elbrus İsayev universitetin müəllim və tələbələri ilə yanaşı Azərbaycan Milli Konservatoriyasının müəllimi, Əməkdar artist, caz ifaçısı Emil Əfrasiyabın da bu səhnədə çıxışını iki ali təhsil müəssisəsi arasında qurulan əməkdaşlıq əlaqələrinin nümunəvi davamı kimi qiymətləndirib.
Konsertdə Caz musiqisinin tarixi və Azərbaycanda yaranması barədə məlumat verilib. Qeyd edilib ki, cazın ən ən əsas xüsusiyyəti onun improvizasiyasıdır. Musiqiçilər orkestrdə, eləcə də solonda olduğu kimi improvizasiya etməyi bacarmalıdırlar. Vurğulanıb ki, Azərbaycan cazının inkişaf dövrü musiqiçi və bəstəkar Vaqif Mustafazadənin adı ilə bağlıdır. Azərbaycanın caz tarixi öz başlanğıcını XX əsrin 30-cu illərindən götürür.
Ali təhsil ocağının İncəsənət fakültəsinin müəllim və tələbələrinin ifasında Pink Martinin “Carioca”, Bill Evansın “Autumn leaves”, Frenk Sinatranın “Strangers in the Night”, Poul Desmondun “Take Five”, Vaqif Mustafazdənin “Mart”, “Gəlmədi”, Əzizə Mustafazadənin “Danceof fire”, “Boomerang” və digər musiqilər səsləndiriblər.
Naxçıvan Dövlət Universitetinin Nigeryalı tələbəsi Josef Okpamenin də konsertdə çıxışı alqışlarla qarşılanıb.
Azerbaycan Milli Konservatoriyası, “Populyar musiqi və caz ifaçılığı” kafedrasının kafedra müdiri: pianoçu, bəstəkar, əməkdar artist Emil Əfrasiyab özünün yazdığı “İki dünya” əsəri, Azərbaycanın görkəmli caz-muğam ustadı Vaqif Mustafazadənin “Mart” əsərini, Vaqif Mustafazadənin qızı, məşhur caz müğənnisi və pianoçusu Əzizə Mustafazadəyə ithaf etdiyi “Əzizə” adlı əsərini və digər əsərləri ifa edib.
Emil Əfrasiyab konserti yüksək qiymətləndirib. Müəllim və tələbələrin bu təşəbbüsünü alqışlayıb. Vurğulanıb ki, çox sevindirici haldır ki, Naxçıvanda caz musiqisi artıq yaranır və bu gənclərin timsalında inkişaf edəcək.
Qeyd edək ki, Naxçıvan Dövlət Universiteti ilə Azərbaycan Milli Konservatoriyası arasında qurulan əməkdaşlıq əlaqələrinin davamı olaraq Populyar Musiqi və caz ifaçılığı kafedrasının müdiri, Azərbaycan Respublikasının Əməkdar artisti, məşhur caz ifaçısı Emil Əfrasiyab Azərbaycan Milli Konservatoriyasının Zərb aləti üzrə müəllimi Elvin Bəşirov Naxçıvan Dövlət Universitetində ustad dərsi keçib.