Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifələrini icra edən Qədir Xəlilov, Gənclərin inkişaf və karyera mərkəzinin baş direktoru Azər Əliyev, Azərbaycan Tələbə Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli, Gənclər Fondunun şöbə müdiri Orduxan Qəhrəmanzadə Naxçıvana səfərləri çərçivəsində Naxçıvan Dövlət Universitetində olublar.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektor Arzu Abdullayev və universitetin Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımovun iştirakı ilə qarşılıqlı görüş keçirilib.
Tədbirdə tələbə təşkilatlarının fəaliyyəti, qarşıya qoyulan məqsədlər, həyata keçirilən layihələrdə tələbələrin rolu və könüllülük proqramları müzakirə edilib.
Görüşdə yay tətili ərzində düşərgələr təşkil etməklə tələbələrin həm asudə vaxtlarının səmərəli təşkil olunması, həm də bu istiqamətdə müəyyən mövzular üzrə yararlanmaları üçün əlverişli mühitin yaradılması barədə razılıq əldə olunub.
Ali təhsil ocağında fəaliyyət göstərən tələbə təşkilatlarının fəallığından söhbət açan rektor diqqətə çatdırıb ki, tələbə birliklərinin həyata keçirdiyi tədbirlər, icra olunan layihələr, intellektual yarışlar, olimpiadalar, müsabiqələr və təlimlər onların bilik və bacarıqlarının təkmilləşdirilməsinə, tələbə vaxtından peşə bacarıqlarına yiyələnmələrinə xidmət edir.
Azərbaycan Gənclər Fondunun icraçı direktoru vəzifələrini icra edən Qədir Xəlilov Naxçıvan gənclərinin bütün layihələrdə xüsusi fəallıq göstərdiklərini qeyd edib. Vurğulanıb ki, Azərbaycan Respublikası Gənclər Fondunun Müşahidə Şurasının Qərarı ilə Naxçıvan Gənclər Fondunun filialının yaradılması da görüləcək işlərin əhəmiyyətini artıracaq.
Görüşün sonunda Elbrus İsayev müəllifi olduğu “Böyük İpək Yolu və Naxçıvan” adlı kitabını qonaqlara hədiyyə edib.