Naxçıvan Dövlət Universitetində baytarlıq ixtisasına dair dərsliyin təqdimatı keçirilib

Ali təhsil müəssisəsinin Baytarlıq təbabəti kafedrasının baş müəllimi, biologiya üzrə fəlsəfə doktoru Mirvasif Seyidov və Naxçıvan Dövlət Universiteti Texniki Kollecinin müəllimi Aysel Seyidlinin həmmüəllifi olduqları “Təcili cərrahiyyə” adlı dərsliyin təqdimatı keçirilib.

          Universitetin Tədris və tərbiyə işləri üzrə prorektoru Rafiq Rəhimov qeyd edib ki, kitab baytarlıq sahəsində nəşr olunan dərsliklər arasında özünəməxsusluğu ilə seçilir. Bildirilib ki, vəsait ali təhsil ocağında baytarlıq təbabəti ixtisası üzrə təhsil alan tələbələr eyni zamanda və Texniki kollecdə tədrisi həyata keçirilən baytarlıq ixtisasının tələbələri həmçinin baytar həkimlər üçün faydalıdır.

          Təbiətşünaslıq və Kənd Təsərrüffatı fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Bəhruz Məmmədov diqqətə çatdırıb ki, dərslik gələcək baytar həkimlərin bu sahəyə dair nəzəri və praktik bilgilər formalaşdırması üçün nəzərəd tutulub. Bildirilib ki, dərslik iki hissədən ibarət olmaqla tərtib edilib. Belə ki, birinci hissədə təcili cərrahiyyənin nəzəri məsələləri, ikinci hissədə isə onların təcrübi olaraq izahı verilib.

          Naxçıvan Dövlət Universiteti Texniki Kollecinin direktoru, aqrar elmlər üzrə fəlsəfə doktoru Asəf Ruşanov kitab haqqında məlumat verərək, təbiətin əsas qüvvəsi sayılan heyvanların sağlamlığının qorunması istiqamətində tərtib edilən ən yaxşı vəsaitlərdən biri kimi qiymətləndirib. “12 mövzunun verildiyi dərslikdə sonda imtahana dair sualların verilməsi vəsaitdən istifadə edənlərin biliklərini daha da möhkəmləndirir” deyə direktor fikirlərini tamamlayıb.

          Baytarlıq təbabəti kafedrasının dosenti, biologiya elmlər doktoru Etibar Məmmədov dərsliyin ikinci hissəsində qeyd olunan heyvanlarda venaya təcili düşmə, dərman maddələrinin yeridilməsi, tənəffüs yolunun təmizlənməsi haqqında məlumatları tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Baytarlıq təbabəti kafedrasının dosenti, baytarlıq üzrə fəlsəfə doktoru Yunis Rüstəmli ağır cərrahi patalogiya vəziyyətində olan heyvanın müalicəsi üçün müasir müalicə yolları haqqında kitabda verilən məlumatlardan bəhs edib. Eləcə də dərslikdə kritik vəziyyətdə istifadə olunması məsləhət görülən dərman maddələrinin farmodinamikasından danışıb.

Sonda, müəlliflər göstərilən diqqətə görə öz minnətdarlıqlarını bildiriblər.