Naxçıvan Dövlət Universiteti Elmi kitabxanasında Azərbaycan Dövlət
İqtisad Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Cəlal
Allahverdiyevin "Qərbi Azərbaycan mətbuatı tarixi" və Sosial Tədqiqatlar
Mərkəzinin sektor müdiri, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Vəliyevin "Qərbi
Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mənəvi irsimiz", "Tarixi
Azərbaycan torpaqlarında maddi-mənəvi irsimiz" kitablarının təqdimatı keçirilib.
Təqdimatda Kitabxananın direktoru Xumar Məmmədova çıxış edərək Qərbi
Azərbaycan mövzusuna dair təqdim olunan kitabları yüksək qiymətləndirərək ali
təhsil ocağının tədris bazası üçün mühüm əhəmiyyətə malik olduğunu diqqətə
çatdırıb. Universitetin Tarix-filologiya fakültəsinin dekanı Arif Ağalarov,
Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının dosenti İman Cəfərov,
Muzeyşünaslıq, arxiv işi və kitabxanaçılıq kafedrasının müdiri Məmməd Əliyev,
Jurnalistika və xarici ölkələr ədəbiyyatı kafedrasının baş müəllimi, siyasi elmlər
üzrə fəlsəfə doktoru Elnarə Allahverdiyeva çıxışlar ediblər.
Sonda Əfqan Vəliyev kitablarının təqdimatını keçirdiklərinə görə
universitet rəhbərliyinə öz minnətdarlığını bildirib.
Tədbirdə bildirilib ki, bu günə qədər çox az bilinən 244 tarixi abidə haqqında
məlumatı ehtiva edən kitabda müxtəlif qrafalarda verilən informasiya xarakterli
materiallar konkret və lakonik şəkildə çatdırılır. Burada abidələrin tarixi, təsnifatı,
növü, əhəmiyyəti, mövcud vəziyyəti və onlar haqqında qısa məlumat- abidənin
təsviri, ölçüləri və tarixi haqqında faktlar öz əksini tapır. Kitabın dəyərini artıran
məsələlərdən biri də istifadə edilmiş zəngin ədəbiyyat siyahısıdır.
Çıxış edənlər Qərbi Azərbaycanda 1914-1988-ci illər dövrünü əhatə edən,
ictimai-ədəbi fikir tariximizdə mühüm yer tutan milli mətbuatın yaranma tarixinin,
Ermənistan tərəfindən soydaşlarımıza qarşı dörd deportasiyanın həyata keçirildiyi
ötən əsrdə sözügedən mətbu orqanlarının keçdiyi mürəkkəb, lakin şərəfli inkişaf
yolundan danışıblar. Diqqətə çatdırılıb ki, Cəlal Allahverdiyevin "Qərbi
Azərbaycan mətbuatı tarixi" kitabında Qərbi Azərbaycanda ictimai-siyasi, ədəbi-
mədəni mühitin inkişafında və formalaşmasında böyük rol oynamış anadilli
mətbuat orqanlarının rolundan geniş bəhs edilir. Müəllif Qərbi Azərbaycanda
Ermənistan tərəfindən soydaşlarımıza qarşı edilən təzyiqlərə rəğmən, milli mətbu
orqanlarının meydana gəlməsində və onların işində böyük fədakarlıq göstərmiş,
adları mətbuat tariximizə qızıl hərflərlə yazılmış görkəmli ziyalıların fəaliyyəti
barədə ətraflı məlumat verir.