Mayın 23-də Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Naxçıvan Dövlət Texniki Kollecində Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş “Muxtariyyət tarixində əbədi iz” mövzusunda konfrans keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini və Heydər Əliyev Muzeyini ziyarət ediblər. Abidə önünə güllər düzülüb, Ulu Öndərin xatirəsinə dərin ehtiram ifadə olunub.
Sonra tədbir Naxçıvan Dövlət Texniki Kollecində davam edib.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Konfransda Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov, Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Samir Dadaşov, Ağdam Sosial-İqtisadi Kollecinin direktoru Natiq Cavadov, Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Dövlət Tibb Kollecinin direktoru Sona Məmmədova, Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Musiqi Kollecinin direktoru Məhəbbət Babayeva, Naxçıvan Dövlət Universitetinin nəzdində Naxçıvan Beynəlxalq Məktəbinin direktoru Nazim Rəhimov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Orta ixtisas Polis Məktəbinin rəisi Kamil Məmmədəliyev, Ağdam Musiq Kollecinin direktoru, Azərbaycan Respublikasının Xalq artisti Firuz Səxavət, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin direktor müavini, direktor vəzifəsini icra edən Türkanə Abbaszadə, Bakı Biznes və Kooperasiya Kollecinin direktoru Elnur Allahverdiyev iştirak edib.
Konfransı giriş sözü ilə açan Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanov qədim, zəngin, çoxəsrlik tarixə, mədəniyyətə, dövlətçilik ənənələrinə malik Naxçıvanın keçdiyi çətin, eyni zamanda şərəfli inkişaf yolundan bəhs edib.
Direktor bildirib: “1924-cü il fevralın 9-da Naxçıvan Muxtar Respublikasının yaradılması bu qədim diyarın gələcək müqəddəratının həlli, ölkəmizin ərazi bütövlüyünün təmin olunması baxımından çox mühüm siyasi əhəmiyyətə malikdir. Bu mənada, Ulu Öndər Heydər Əliyevin Naxçıvanın Azərbaycan xalqının olduqca mürəkkəb bir siyasi şəraitdə əldə etdiyi muxtariyyəti böyük tarixi nailiyyət adlandırması təsadüfi deyil. Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident cənab İlham Əliyev Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının inkişafına hər zaman böyük həssaslıqla yanaşıb, zəngin mədəniyyətə, çoxəsrlik dövlətçilik ənənələrinə malik bu qədim diyarın muxtariyyət tarixinin öyrənilməsinin və təbliğinin zəruriliyini mühüm vəzifə kimi qarşıya qoyub.”
Asəf Ruşanov Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması ilə əlaqədar verdiyi Sərəncama görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığını bildirib.
Sonra Naxçıvan Dövlət Universitetinin Rektoru Elbrus İsayev çıxış edərək Prezident cənab İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında imzaladığı Sərəncamının əhəmiyyətini diqqətə çatdırmışdır.
Vurğulanıb ki, Naxçıvanda müasir idarəetmə modelinin tətbiqi, aparılan institusional islahatlar, nəqliyyat imkanlarının genişləndirilməsi, Azərbaycanda ətraf mühitin mühafizəsinə yönəlmiş fəaliyyəti çərçivəsində muxtar respublikanın yaşıl enerji zonası elan olunması, bütün bunların yekunu olaraq isə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması Naxçıvanda yeni inkişaf mərhələsinin əsasını qoyub.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov çıxış edərək bildirib ki, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin keçirilməsi haqqında” Prezident İlham Əliyevin Sərəncamı muxtariyyətin Azərbaycan dövlətçiliyində oynadığı rola verilən yüksək qiymətdir.
Təhsil nazirinin müavini Ulu Öndər Heydər Əliyevin milli varlığımızın tarixi və əbədi torpaqlarından olan Naxçıvana istər sovet, istər də müstəqilliyimizə qədəm qoyduğumuz dövrlərə xüsusi diqqət göstərdiyini, onun Azərbaycanın taleyində əhəmiyyətli rolunun qüvvətləndirilməsi üçün mühüm addımlar atdığını xatırladıb.
Sonra qonaqların çıxışları dinlənilib.
Çıxış edənlər 100 illik yubileylə bağlı imzalanan Sərəncamda da vurğulandığı kimi, Naxçıvan Muxtar Respublikasının yaranmasını Azərbaycanın siyasi tarixinin mühüm əhəmiyyətli hadisəsi kimi yüksək qiymətləndiriblər.
Sonda isə tədbirin bədii hissəsində Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri tərəfindən şeirlər səsləndirilib, “Yallı” rəqsi ifa olunub. Naxçıvan Musiqi Kollecinin tələbələri tərəfindən hazırlanmış mahnılar və Azərbaycan Respublikasının Xalq artisti Firuz Səxavətin ifası konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.