“Xüsusi tapşırıq” adlı kitabının təqdimatı keçirilib

Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin əks-kəşfiyyat şöbəsinin sabiq rəisi, Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi Urfullah Qurbanov və “Naxçıvan” Universitetinin dissertantı, Ümumi tarix və Beynəlxalq Münasibətlər kafedrasının baş müəllimi Rəna Qurbanovanın birgə müəllifi olduqları “Xüsusi tapşırıq” adlı kitabının təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə açan Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev Ümummilli lider Heydər Əliyevin səlahiyyətli hərbi nümayəndəsi kimi fəaliyyət göstərmiş Urfullah Qurbanovun Ulu Öndərlə bağlı xatirələrinin və rəsmi sənədlərin toplandığı “Xüsusi tapşırıq” kitabının milli dövlətçilik və təklükəsizlik tariximizin öyrənilməsi baxımından mühüm əhəmiyyətə malik olduğundan bəhs edib.

Daha sonra çıxış edən  NDU-nun məsləhətçi professoru,  AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, Əməkdar elm  xadimi Hacı Fəxrəddin Səfərli, Naxçıvan Muxtar Respublikası Yazıçılar  Birliyinin sədri, şair Asim Yadigar, kitabın həmmüəlliflərindən Rəna Qurbanova, jurnalist Rauf Kəngərli çıxış edərək təqdimatı keçirilən kitabın doğma yurdu sevməyin, ona təmənnasız xidmət göstərməyin nümunəsi olduğunu vurğulayıblar.

Sonda çıxış edən müəllif göstərilən diqqətə görə universitet rəhbərliyi və tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.